“Əli və Nino” kitab mağazalarının sahibi Nigar Köçərli Fransa dövləti tərəfindən İncəsənət və Ədəbiyyat ordeninin Cəngavər titulu (Ordre des Arts et des Lettres) ilə təltif olunub. Orden ona mayın 4-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Anne Boillon tərəfindən təqdim edilib.
Uvertüra.az xəbər verir ki, səfirin iqamətgahında təşkil olunmuş tədbirdə yazıçılar, incəsənət adamları, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlər də iştirak edib.
Ordenin əhəmiyyətindən danışan səfir Anne Boillon Nigar Köçərlinin bir sahibkar kimi kitabsevərlər üçün göstərdiyi xidməti yüksək qiymətləndirib. Nigar Köçərli isə ən böyük arzusunun hər bir kənddə kitab mağazasının açılmasının olduğunu deyib.
“Bu, mənim üçün tam gözlənilməz oldu. Həyatımda aldığım ilk mükafatdır”, – Nigar Köçərli deyib.
Qeyd edək ki, iki il öncə bu mükafata “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu layiq görülmüşdü. “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi, 1975-ci il təvəllüdlü Nigar xanım BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997-1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999-2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildə “Əli və Nino” kitab mağazaları şəbəkəsini yaradıb. Kitab biznesinə 600 dollar sərmayə ilə başlayıb.