79 ildir ki, 9 may – faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.
Ulu öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: «Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur». Sevindirici haldır ki, Ümummilli Liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən də alqışlanır.