Nəcəf bəy Vəzirov 1854-cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.
Uvertüra.az xəbər verir ki, bu gün Nəcəf bəy Vəzirovun anadan olmasının 169-ci ildönümü tamam olur.
Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır.
1896-cı ildə “Müsibəti Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş Nəcəf bəy Vəzirov əlinə qələm aldığı ilk gündən hiss etmişdir ki, böyük mütəfəkkir M.F.Axundovun əsərləri ilə əsası qoyulan
drammaturgiyamızın yolunu davam etdirəcəkdir.
Nəcəf bəy Vəzirov dramaturji yaradıcılığa Bakıda olarkən başlayıb. O, ilk dəfə 1873-cü il mart ayının 10-da realnı gimnaziyanın şagirdləri ilə birlikdə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşasında
oynayıb. Elə həmin il ilk birpərdəli “Əti sənin, sümüyü mənim” (1873) və “Qaragünlü” (1874) məzhəkələrini yazıb. Lakin həmin əsərləri itdiyindən bu əsərlər barədə məlumatı dramaturqun vaxtıilə “Əkinçi” qəzetində yazdığı
yazılardan əldə etmişik. Əldə olmayan ikinci məzhəkəsi barədə isə o, tərcümeyihalında bəhs edib
Nəcəfbəy Vəzirov eyni zamanda, təbiətşünas alim kimi də tanınmışdı. Nəcəf bəydə bu elmə maraq Bakıda
gimnaziyada oxuyarkən yaranmışdı. Gimnaziyada Nəcəf bəyin təbiət müəllimi, ilk Azərbaycan qəzeti olan “Əkinçi” qəzetinin redaktoru Həsən bəy Məlikov (Zərdabi) bu elmi ona sevdirmişdir. Gimnaziyada təhsil alarkən o, təbiət elmini sevmiş və bu həvəslə Moskvada Petrovski adına Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşdur. Akademiyanı bitirəndən sonra Nəcəfbəy Azərbaycana gəlmiş, Yelizavetpol quberniyasının Dilican meşə sahəsində meşəçi-dendroloq vəzifəsində işləmişdir.
Nəcəf bəy Vəzirov 1926–cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedib və iyulun 13–də orada ürək çatışmazlığından vəfat edib.
Allah rəhmət eləsin!