Xalq rəssamı Fuad Əbdürrəhmanovun yurd sevgisinin nəhayətsizliyindəndir ki, yaratdıqları heykəllər ictimailəşdirdikləri gündən xalqın əvəzolunmaz mənəvi sərvətinə çevrilməklə, hər birimiz tərəfindən bənzərsiz qürur qaynağı kimi qəbul olunmaqdadır. Zamanın axarında onun Bakını və Gəncəni bəzəyən Nizami Gəncəvinin, paytaxtda qərarlaşan Səməd Vurğun, Mehdi Hüseynzadə və “Azadlıq” abidələrinin bədii gücünə görə zamansızlığa qovuşmaları da dediklərimizi təsdiqləyir.
Uvertüra.az xəbər verir ki, bu gün görkəmli heykəltaraş, tanınmış tişə ustası, Xalq rəssamı Fuad Əbdürrəhmanovun anadan olmasından 108 il ötür.
Azərbaycan incəsənət tarixinə öz adını əbədi daxil etmiş görkəmli incəsənət xadimi Fuad Əbdürrəhmanov 1915-ci il mayın 11-də Şəkidə anadan olub. Görkəmli heykəltaraş yaradıcılığa portret janrı ilə başlayıb, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli, Asəf Zeynallı), həmçinin “Atıcı” (1934), “Gənc aşıq” (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaradıb. Sovet İttifaqı qəhrəmanları G.Əsədovun, İ.Məmmədovun, Q.Məmmədovun, İkinci Dünya müharibəsi qəhrəmanı H.Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.
F.Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutur. Nizaminin Gəncədə və Bakıdakı abidələri, Bakıda S.Vurğunun abidəsi və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir. 1950-1960-cı illərdə yaratdığı “Çoban”, “Azərbaycanlı qadın”, “Azadlıq”, “Azad qadın” və s. əsərlərində milli xüsusiyyətlər zəngindir.
Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X.Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S.Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rudəkinin (tunc, qranit, 1964, memar M.Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H.Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində o, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M.Hüseynov) yaratmışdır.
Görkəmli incəsənət xadimi, Xalq rəssamı Fuad Əbdürrəhmanov 1971-ci il iyunun 15-də Bakıda vəfat edib.
AZƏRTAC