İnternetdə son bir neçə aydır ki, Christopher Nolanın “Oppenheimer” və Greta Gerwigin “Barbie”si ilə bağlı geniş müzakirələr aparılır. Bu iki layihə, pərəstişkarlar arasında hansı filmin qalib olacağı ilə bağlı ən böyük mübarizəni formalaşdırır. Hər iki filmin mantiyası “Oscar” mükafatına namizəd olan rejissorların əlindədir. Unutmaq olmaz ki, Margot Robbie, Ryan Gosling, Robert Downey Jr. və Cillian Murphy kimi ulduzlarla dolu aktyor heyəti tamaşaçıları daha da həyəcanlandırır.
Uvertura.az istinad edir ki, Sözügedən filmlər digər ölkələrdə olduğu kimi, Azərbaycanda da böyük izləyici marağına səbəb olub.
İki ayrı dünyanı təmsil edən bu filmlər arasında rəqabət yaranmasının ən başlıca səbəbi nə idi?
“Barbie” və “Oppenheimer” son illərdə kino tarixinin ən maraqlı reklam kompaniyalarındandır: “Əslində “Barbie” və “Oppenheimer” iki ayrı filmdir və tamamilə bir-birinə zidd olan mövzulardır. Biri bir oyuncağın hekayəsidir, digəri isə XX əsrin ən böyük alimlərindən olan, həmçinin ən böyük kəşflərdən sayılan atom bombasını ixtira edən Robert Oppenheimer barəsindədir. Amma işin maraqlı tərəfi odur ki, bəlkə də son illərin ən maraqlı reklam kampaniyası getdi.
“Barbie”nin çox böyük büdcəsi var idi və onlar reklama vəsait ayırmışdılar. Hətta bununla bağlı müxtəlif şirkətlərlə işləyirdilər. “Oppenheimer”ə isə o qədər də büdcə ayrılmamışdı. Lakin internet vasitəsilə bu iki filmin eyni anda reklamı getdi. Bunun necə olması isə məhz onların ziddiyyətli olmağından qaynaqlanır. Hətta son günlərdə belə bir ifadə yarandı: “Barbieheimer”. Biz internetdə bununla bağlı müxtəlif mimlər gördük. Məsələn, “Oppenheimer”in uşaqlar üçün, “Barbie”nin daha yetkin insanlar üçün olması kimi ironiyalar var idi.
Nəticə etibarilə dünyada demək olar ki bütün insanlar hər iki filmi izləyirlər. Onların müqayisə edilməsi hər ikisinə də fayda verdi. Yəni internetdə bu dəqiqə ən çox onlar haqqında danışılır, onlar axtarılır. Bunun nəticəsində də əslində kinoteatrlar, filmi istehsal edənlər qazanır.
Araşdırdı: Zamanlı Nəzrin