Şərqi Avropa və Qərbi Asiyanın qovşağında yerləşən Azərbaycan müxtəlif mədəni qobelenlərə (əllə toxunan dekorativ təsviri sənətin bir növü, konkret süjetli bir tərəfli xalça) malikdir. Bu mədəni irsin ən ikonik elementlərindən biri də ənənəvi Azərbaycan xalçalarının mürəkkəb sənətidir. Bu xalçalar öz heyrətamiz dizaynı ilə evləri və məkanları bəzəməklə yanaşı, həm də keçmiş nəsillərin hekayələrini və ənənələrini özündə daşıyır.
Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin «Bir gəncin manifesti» əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən «İtə ataram, yada satmaram» məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir.
Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bunnula bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də müxtəlif məlamatlar var. Tarixi qaynaqlar III-VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və -gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. XVI-XVII əsrlərdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson, holland səyahətçisi Yan Streyts Şamaxıda qiymətli saplarla toxunan, qaş-daşlarla bəzədilən xalçalar barədə xəbər veriblər.
Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Naməlum müəllifin X əsrə aid «Dünyanın sərhədləri» əsərində, XII əsrə aid «Kitabi-Dədə-Qorqud» dastanında, klassik şairlərimiz Nizami və Xaqaninin əsərlərində xalçalarımız tərənnüm olunub. Avropa rəssamlarının əsərlərində, miniatürlərdə Azərbaycan xalçalarına aid nümunələr əks olunub. Buna misal olaraq XV əsr Niderland rəssamları Hans Memlinq, Van Eyk, alman rəssamı Hans Holbeynin tablolarını misal göstərmək kifayətdir.
Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Xovsuz xalçaların və ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür. Bunlar palaz, cecim, ladı, kilim, şəddə, vərni, zili və sumax adlanır. Sadalanan xalça növləri ilmələrinin sıxlığı, rəng çalarları, toxunuşu və ornamentlərinə görə bir-birindən fərqlənir. Azərbaycan xalçaları daim xarici ölkələrdə təşkil olunan sərgilərdə yüksək yerlər tutub, qızıl və gümüş medallara layiq görülüb.
Azərbaycan ənənəvi xalçaları sadəcə döşəmə örtükləri deyil, onlar bu xalqın zəngin tarixinin və çoxşaxəli mədəniyyətinin canlı sübutlarıdır. Qayğı və fədakarlıqla toxunmağa davam etdikcə, bu xalçalar bizə daim dəyişən dünyada mədəni irsimizin qorunub saxlanmasının və qeyd olunmasının vacibliyini xatırladır.
Araşdırdı: Nəzrin Zamanlı