“Azərbaycan” jurnalının Zəfər gününə həsr olunmuş sayı çap olunub. Jurnalın üz qabığında Xankəndidə keçirilən hərbi paraddan foto əks olunub.
İntiqam Qasımzadənin “Salam, Əsgər!”, Rəşid Faxralının “Ruhumuzun Zəfər fəsli” başlıqlı yazıları ilə açılan jurnal Şahin Fazilin vətən motivli şeirləri ilə davam edir.
“Yeni tərcümələr” bölməsində Anni Ernonun “Atamın yeri” romanı Azad Yaşarın, Mark Tvenin “Çarın monoloqu” essesi isə Kamran Nəzirlinin tərcüməsində verilib.
“Poeziya”da Barat Vüsal, Etibar Vəli, Aygün Sadiq, Vasif Zöhraboğlu, Qəzənfər Məsimoğlu, İslam Sadıq, Minayə Abdullayeva, Nəsibə Nəsibin şeirləri və Əli Rza Xələflinin “Anamın nağılı” adlı poeması yer alıb.
Xalq yazıçısı Anarın rus dilində qələmə aldığı “Taqoru düşünərkən” adlı essesi A.Yaşarın tərcüməsində işıq üzü görüb. Həmçinin yazıçının “Kafkanı duymaq” essesi də jurnalın bu sayında dərc olunub.
Vüsal Nurunun “Çəhrayı buludun adamları” romanı da çap olunan nəsr nümunələri arasındadır.
“Yaddaş” bölməsində Fuad Vəliyevin “Gündəlik sətirlər”ini vərəqləyərək ötən illəri xatırlamaq mümkündür.
“Tənqid və ədəbiyyatşünaslıq”da Nərgiz Cabbarlının “Qibtə oyadacaq qədər poetik”… misralar müəllifi Vahid Əziz”, Yaqub Babayevanın “Mehri Xatun: türk poeziyasının isməti” adlı məqalələri çap olunub. Bölmədə həmçinin Təranə Vahidin tərcüməsində İmdat Avşarın “Qarabağ ətirli hekayələr” adlı yazısı yer alıb. Yazı Zemfira Məhərrəmlinin yaradıcılığından bəhs edir. Ənənəvi olaraq, jurnal “Kitab rəfi” ilə yekunlaşır.