Dekabr ayında doğulmuş ictimai-siyasi xadimlərimizdən, publisistlərimizdən, vətənpərvər ziyalılarımızdan biri də tanınmış türkoloq, tərəqqipərvər Əhməd bəy Ağaoğludur.
Uvertura.az xatırladır ki, Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlu 1869-cu ilin dekabrında Şuşa şəhərində dünyaya gəlib.
Əhməd bəy Ağaoğlu Azərbaycanda maarifçilik ənənələrini daşıyıcılarından biridir. O, Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi” qəzetində məqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə “Həyat” qəzetinə də redaktorluq edib.
1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizli “Difai” təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olub. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin İttihad və Tərəqqi Partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, “Türk yurdu” jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olub. 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Daha sonra üzvlükdən imtina edir. Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda İttihad və Tərəqqi Partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunub.
Əhməd bəy Ağaoğlu 1939-cu ilin mayında Türkiyədə vəfat edib.
Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.