Görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanov inqilabi hərəkat və çarizmə qarşı mübarizə aparan həm ictimai-siyasi xadim, həm də ana dilimizin lüğət tərkibinin zənginləşdirilməsində, dil normalarının tətbiqi və tədqiqində görkəmli alim və publisist idi.
Nərimanov Rusiyada təhsil almış, təhsil aldığı illərdə çoxcəhətli fəaliyyəti – metodist, müəllim, ilk milli qiraətxananın banisi, yazıçı, rejissor, aktyor kimi xalqın etimadını qazanmışdır.
Hətta həmin illərdə, xalq tərəfindən “İnqilabçı həkim” kimi də tanınmışdır. Belə ki, Novorossiysk İmperator Universitetinin Tibb fakültəsini bitirib Bakıya qayıdanda onun həkim adının qarşısına “inqilabçı” titulu da əlavə olunmuşdu. Bu isə onun müxtəlif qəzet və jurnallarda (“Həyat”, “İrşad”) “Nər”, “Arı bəy” imzaları ilə yazdığı felyeton və publisistik məqalələrdə qaldırdığı məsələlərdən qaynaqlanmışdır. O, xalqı müalicə etməklə yanaşı, gizli inqilabi fəaliyyətlə də məşğul olur.
Nəriman Nərimanov sosializm bayrağı altında gələn Rusiyanın Qafqazı ələ alacağından əmin idi. Nüfuzundan istifadə edərək, son ana qədər millətinin xilasına çalışmağı seçdi və Lenin qarşısında bəzi öhdəliklər götürdü, Lenin də öz növbəsində Şərqlə bağlı qərarlarında Nərimanovla hesablaşdı.
N.Nərimanov Xalq Komissarları Sovetinin sədri vəzifəsində olarkən Rusiya və mərkəzin iddialarına qarşı durub, bolşevizm şəraitində Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına inanıb və bu yolda aktiv fəaliyyət göstərib.
Uvertura.az Nərimanovun Leninə yazdığı kəskin və vətənə sevgisi açıq şəkildə görünən məktubu sizə təqdim edir:
«Vladimir İliç! Çoxmillətli əhalinin hüququ və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?»
Digər bir məktubunda isə o Leninə belə bir sual verir: Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” sizin dilinizdən çıxmamışdırmı?”