Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib.
Uvertura.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində baş tutan prosesdə iddiaçı tərəf iştirak etməyib.
Məhkəmə mülki işin baxılmasına qərar verib və proses yanvarın 16-da davam edəcək.
Xalq artistinin iddiasına əsasən, hospitalda baş vermiş insident nəticəsində onun şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna zərər dəydiyi bildirilib.
Ağadadaş Ağayev “Medera Hospital”dan ona dəymiş 450 min manata yaxın mənəvi ziyanın ödənilməsini tələb edir.
Eyni zamanda, “Medera Hospital” da Ağadadaş Ağayevə qarşı mülki iddia qaldırıb.
Hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Həmçinin, Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) ilə təqsirli bilinib.