Ankarada İrs-Miras jurnalının növbəti nömrəsi işıq üzü görüb.
Azərbaycanın Türkiyədəki səfirliyindən Uvertura.az-a verilən məlumata görə jurnal baş redaktor Musa Mərcanlının ənənəvi redaktor sütunu ilə açılır. Jurnalda 2023-cü ilin əhəmiyyətli il olduğuna diqqət çəkilib. Bu ilin, həm Türkiyə Cümhuriyyətinin qurulmasının, həm də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etdiyi xatırlanıb. Eyni zamanda bu ilin Qarabağın qəlbi Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” olduğu qeyd edilib.
Bildirilib ki, qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında həmrəyliyin, qarşılıqlı yardımın əsrlərə söykənən tarixi var. Bu il fevralın 6-da Türkiyənin 11 vilayətində baş vermiş dəhşətli zəlzələ zamanı Azərbaycanın qardaş ölkəyə dəstəyi, çətin günlərində yanında olması Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun “Bir ananın iki oğlu, bir amalın iki qoluyuq” sərlövhəli məqaləsində geniş əks olunub.
Jurnalın bu nömrəsində Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarın Ümummilli Lider Heydər Əliyevin xatirəsinin anılmasına, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin direktoru Akkan Suverin Ümummilli Liderlə bağlı xatirələrinə və Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıçın Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı fəaliyyətinə həsr olunmuş məqalələri yer alıb.
“Türk dünyasının mədəniyyət paytaxtı” seçilmiş Şuşa ilə bağlı TÜRKSOY-un Baş katibi Sultan Raevin və Kastamonu Universiteti ədəbiyyat fakültəsinin professoru Namiq Musalının məqalələri, Kahramanmaraş Sütçü İmam Universitetinin siyasət və beynəlxalq münasibətlər fakültəsinin dosenti Mərziyə Məmmədlinin Qarabağın tarixinə nəzər salan yazıları da jurnalda dərc olunub.