Məşhur Azərbaycan filmi olan “Asif, Vasif, Ağasif”in baş rol ifaçıları illərdən sonra görüşüblər.
Uvertura.az xəbər verir ki, bu barədə Emil Pənahov (Asif) məlumat verib.
Belə ki, “Ağasif” rolunda olan Hökümə Cəlilova, “Vasif” rolunda olan Ramin Aslanov və “Asif”i canlandıran Emil Pənahov 40 ildən sonra bir araya gəliblər.
40 ildən sonra baş tutan bu görüşün necə baş verməsi ilə bağlı Emil Pənahov mətbuata danışıb. O, bildirib ki, 2007-ci ildən həmkarlarını axtarırmış və görüşmək bu vaxta qismət olub: “Ötən ayın 22-si mənim ansamblımın 10 illiyi idi. Buna görə bir konsert təşkil etmişdim. Valideynlərim mənə sürpriz olaraq Hökümə Cəlilovanı (“Ağasif”) konsertə dəvət etdilər. Gəldi, görüşdük, gözəl keçdi. 2007-ci ildən onları axtarırdım, valideynlərim sağ olsun ki, kömək etdilər. Elə oldu ki, bu məlumat sosial şəbəkələrdə yayıldı və həmin paylaşımlardan birinin rəy bölməsinə bir nəfər Ramin Aslanovun (“Vasif”) profilini qeyd etmişdi. Mən də Raminə yazdım, onunla danışıb, görüşdük. Bu şənbə günü isə birlikdə görüşüb, gözəl vaxt keçirdik”.
Emil Pənahov qeyd etdi ki, hazırda rəqs müəllimi kimi fəaliyyət göstərir və “Alov” rəqs ansamblının rəhbəridir. O, son illərdə başqa film və seriallardan təklif almadığını deyib.
Qeyd edək ki, “Asif, Vasif, Ağasif” tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən, 1983-cü ildə ekranlaşdırılıb.