Qazaxıstanın Türkistan şəhərində keçirilən Şuşa günləri çərçivəsində qonaqlara Şuşa şəhərində 30 illik erməni işğalından sonra aparılan bərpa quruculuq işləri barədə məlumat verilib.
Uvertura.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “X” hesabında yazıb.
Onun sözlərinə görə, Türkistana səfər çərçivəsində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Astana şəhər merinin müavini Yerlan Bekmurzayev, Türkistan vilayətinin akimi Darxan Satıbaldı, Türkistan şəhərinin akimi Nurbol Turaşbekov və digər rəsmilərlə görüşlər keçirilib: “Bu görüşlər zamanı faydalı fikir mübadilələri aparıldı. Eyni zamanda qonaqlar üçün maraqlı şəhər turu təşkil edildi, Türk dünyasının mənəvi beşiyi olan Türkistan şəhərinin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumatlar diqqətə çatdırıldı. Çıxışlarımda həmçinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa şəhərində 30 illik erməni işğalından sonra aparılan bərpa quruculuq işləri, tarixi abidələrin bərpası, şəhər infrastrukturunun yenilənməsi, Şuşada keçirilən mötəbər tədbirlər, eyni zamanda Şuşanın inkişafda olan beynəlxalq əlaqələri, müxtəlif ölkələrdə Şuşa günlərinin keçirilməsi nəticəsində bu şəhərin daha çox tanıdılması məqsədi ilə görülən işlər, qarşıda duran layihələr haqqında məlumat verdim”.
Aydın Kərimov bu səpkili layihələrin Şuşa şəhərinin turizm potensialının artırılmasında müstəsna rol oynayacağına da diqqət çəkib.
“Qazaxıstan rəsmiləri isə Şuşa şəhərində aparılan bərpa-quruculuq işlərinin çox yüksək templə getdiyini, günbəgün şəhərin daha da canlandığını, müxtəlif ölkələrdə Şuşa günlərinin keçirilməsinin önəmini diqqətə çatdırıb, şəhərin gələcəkdə daha böyük şöhrət tapacağına inandıqlarını bildirdilər. Ümumilikdə, Astana və Türkistanda keçirilmiş Şuşa günləri çox zəngin proqramla yadda qaldı. Burada Şuşada aparılan bərpa quruculuq işlərini özündə əks etdirən videoçarx, şuşalı rəssamların Qarabağın incisi haqqında çəkdikləri rəsmlər, Qarabağ milli geyimləri nümayiş olundu, musiqiçilərin ifasında muğam parçaları və müxtəlif musiqilər səsləndirildi. Tədbir tamaşaçılar tərəfindən ən xoş xatirələrlə yadda qaldı”,- Prezidentin xüsusi nümayəndəsi fikrini yekunlaşdırıb.
Qeyd edək ki, oktyabrın 3-6-da Beynəlxalq Türk Mədəniyyəti, İrsi Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin birgə təşkilatçılığı ilə Qazaxıstanın Türkistan şəhərində Şuşa günləri keçirilib.