Azərbaycanın “Avroviziya-2009” təmsilçisi, məşhur müğənni Aysel Teymurzadə səhnəyə geri qayıdır.
Uvertura.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ailə həyatı qurduqdan sonra fəaliyyətinə ara verən müğənni son dövrlərdə sosial şəbəkələrdəki aktivliyi ilə diqqət çəkir. O, kiçik məclislərdəki çıxışlarının videolarını izləyiciləri ilə paylaşır.
Aysel artıq Yeni il tədbirlərində də iştirak etməyə başlayıb. O, “İTV”nin yayımladığı tədbirin anonsunda “Bu gecə səhnəyə qayıdanlar” kimi təqdim edilib.
Xatırladaq ki, bir neçə ay əvvəl Aysel Teymurzadənin həyat yoldaşı, Azərbaycan Dövlət Filarmoniyasının direktoru və Xalq artisti Murad Adıgözəlzadə ilə boşanması ilə bağlı məlumatlar yayılmışdı. Lakin müğənni, həyat yoldaşı ilə birlikdə çəkilən videonu paylaşaraq bu iddialara son qoymuşdu.
Söz-söhbətə səbəb isə Murad Adıgözəlzadənin işçisi olan bir qadınla yaxın münasibətinin olduğu və onunla evlənməyi düşündüyü iddiaları idi. Filarmoniyanın direktoru bu barədə açıqlama verməsə də, adı hallanan qadın bu məlumatları təkzib etmişdi. Mədəniyyət ocağının imicinə zərər vursa da, məsələ ilə bağlı rəsmi açıqlama verilməmişdi.
Qeyd edək ki, Aysel Teymurzadə və Murad Adıgözəlzadə 2012-ci ildə evləniblər və cütlüyün üç övladı var.