Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabr ayının 24-də Azərbaycanın qədim elm və sənət, mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərində ruhani ailəsində anadan olmuşdur.
H.Cavid ədəbiyyat aləminə şeirlə gəlmiş və bütün ömrü boyu poetik yaradıcılığını davam etdirmişdir. Hələ ilk qələm təcrübələrindən onun istedadlı bir şair olduğu nəzərə çarpırdı. Ədəbi yaradıcılığa şair və publisist kimi başlamış Hüseyn Rasizadə ilk mətbu əsərlərini 1904-cü ildə “Şərqi-Rus” qəzetində oxuculara təqdim etmişdir. Sevimli müəllimi Məhəmmədtağı Sidqinin vəfatı münasibətilə Urmiyadan yazdığı məktub qəzetin 23 yanvar sayında nəşr olunmuşdur. Bundan sonra gənc ədib müntəzəm olaraq “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Açıq söz” kimi mətbu orqanlarda çıxış etmişdir. Hüseyn Cavid dramaturji yaradıcılığa 1910-cu ildə yazdığı “Ana” pyesi ilə başlamışdır. Əsər 1913-cü ildə Tiflisdə nəşr olunmuşdur. Pyesin mövzusu orta əsr italyan novellasından götürülsə də, Cavid onu milli təfəkkürə, Azərbaycan-türk mentalitetinə uyğunlaşdırmış və orijinal bir əsər meydana gətirmişdir.
Cavidin poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiliyi ilə seçilir.