İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açmışdır.
1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi “əla” qiymətlərlə bitirmişdir. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləmişdir. Onun ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, eləcə də “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunmuşdur.
İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı müəllifinə “ədəbiyyat dünyası”na çıxmaq səlahiyyəti vermişdir. Yazıçının ilk hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı “Aydınlıq gecələr” isə müəllifin ədəbi-estetik görüşlərinin əsası kimi o dövrün ədəbi prosesinin maraqlı nümunələridir.
İlyas Əfəndiyevin müraciət etdiyi bütün janrların baş qəhrəmanı yazıçı özüdür və bu hekayə, povest, roman və dramların cəmliyində reallaşan yazıçı üslubudur. İlyas Əfəndiyevin poetikasının tarixi təkamülü və yaradıcılıq metodu xüsusi tədqiqatın predmetidir. Bircə onu deməklə kifayətlənirik ki, İlyas Əfəndiyevin yaradıcılığında gerçəkliyin bədii dərki, bədii reallaşması dövrün hakim estetik prinsipləri çərçivəsinə sığmırdı. Ona görə də ədib yeni estetik hadisəni süni əxlaq kredosu ilə dəyərləndirirdi. İlyas Əfəndiyev öz müasirlərinin çoxundan fərqli olaraq ədəbiyyatımızda ziyalı mühitinə, ziyalı obrazlarına xüsusi yer verirdi. Bunlar onun real müasirlərinin obrazı idi. Lakin bu obrazlar cəmiyyətin üst qatında dəbdə deyildilər və yazıçı öz müasirlərindən daha zəngin mənəvi keyfiyyətlər umurdu. Bu keyfiyyətləri isə qəbul etməyə cəmiyyət bəzən hazır olmurdu. Təsadüfi deyil ki, İlyas Əfəndiyevin qəhrəmanları ədəbi aləmdə həmişə böyük əks-səda doğurmuş və kəskin mübahisələr predmetinə çevrilmişdir.
İlyas Əfəndiyevin dramaturgiyaya gəlişi C.Cabbarlı və Səməd Vurğundan sonra bu sahədə nəzərə çarpan boşluğu doldurdu. Ədəbi-tarixi gedişatın dramaturgiya və teatr ünvanı İlyas Əfəndiyevin adı və imzası ilə bağlandı. Mübaliğəsiz demək olar ki, XX əsrin ikinci yarısı Azərbaycan teatrı “İlyas Əfəndiyev teatrı” kimi şərtləndi. “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Billur sarayda” kimi əsərləri dramaturgiya və teatr tariximizdə bir era yaratdı. Bu əsərlərin qəhrəmanları yeni tarixi bir dövrün, XX əsrin 60-cı illərinin sosial-mənəvi konfliktlərini təmsil edirdilər. Bu əsərlərin mərkəzində dayanan konfliktlərdə müasirlik və yeniliyin qəlibləşmiş düşüncə və həyat tərzi ilə mübarizəsini əks etdirirdilər.
Yazıçının əsərləri bəşəri mövzulara həsr olunduğu üçün rus, türk və digər dillərə tərcümə edilib, Avropanın nüfuzlu teatrlarında səhnəyə qoyulub. Onun anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənəli şəkildə qeyd edilib.
1996-cı il oktyabrın 3-də dünyasını dəyişən yazıçı Fəxri Xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!