Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Mirzə İbrahimovdur. Yazıçısı, dramaturq və ictimai xadim olan Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının və elminin zənginləşməsində müstəsna xidmətlər göstərmişdir. M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyası müdafiə etmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur.
Müxtəlif illərdə “Sürət” və “Vətən yolunda” qəzetinin məsul redaktoru olmuş, V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A. N. Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A. Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.
Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə (“Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi – “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat”), povest (“Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”) və romanlarla (“Gələcək gün, “Böyük dayaq” , “Pərvanə”) yanaşı, səhnə əsərləri qələmə almışdır: “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam” komediyaları, “Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirmişdir.
“Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanunu”nun qəbul edilməsi yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Onun sayəsində Azərbaycan SSR-də fəaliyyət göstərən əcnəbi dilli məktəblərdə Azərbaycan dilinin tədrisi qanunla rəsmiləşdirildi. Həmçinin onun “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdir. Ümumiyyətlə, ədibin Azərbaycan ədəbiyyatşünaslığının, ədəbiyyatının, ədəbi tənqidinin inkişafında və elmi-pedaqoji kadrların hazırlanmasında əvəzsiz rolu olmuşdur.
Qeyd edək ki, Azərbaycan tamaşaçılarının sevə-sevə izlədiyi “Böyük dayaq” filmi məhz Mirzə İbrahimovun eyni adlı əsəri əsasında ekranlaşdırılmışdır.
Allah rəhmət eləsin!