Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani.
Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil künyəsi və Şirvani mənsub olduğu yerin adıdır.
Xaqani 1126-cı ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin “Şairlər qəbiristanlığı”nda dəfn edilmişdir.
Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divanı, “Töhfətül-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” poeması daxildir.
Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da şerə gətirdiyi bir sıra yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini təmsil etmişdir.
Xaqaninin əsərlərinə Şərqin bir çox görkəmli şairləri nəzirələr yazmışlar. Şairin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçıları məşğul olmuşlar. Azərbaycan alimləri akad. Həmid Araslı, Qafqaz Kəndli-Herisçi və Məmmədağa Sultanov şairin həyatını və yaradıcılığını öyrənməkdə dəyərli işlər görmüşlər.