Noyabrın 23-dən 29-dək Azərbaycan ənənəvi sənətkarlığı Səudiyyə Ərəbistanının Riyad şəhərində keçirilən “II Səudiyyə Beynəlxalq Əl İşləri Həftəsi” sərgisində nümayiş olunur.
Uvertura.az Report-a istinadən xəbər verir ki, sərgidə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ənənəvi İncəsənət Mərkəzi və Muzey Mərkəzi, həmçinin Qala Qoruğunun “Qurama” Mərkəzi tərəfindən qurama, keçə sənəti, miniatür, təzhib, dulusçuluq, keramika, batika, zərgərlik, sədəfkəsmə və taxta üzərində işləmə kimi ənənəvi Azərbaycan sənət növləri ilə yanaşı, müasir texnologiyanın tətbiqi ilə hazırlanmış və təbiətdəki ahəngi özündə ehtiva edən nano-qurama instalyasiyası da təqdim olunub.
Sərgidə iştirakın əsas məqsədi Azərbaycan mədəniyyətinin zəngin ənənələrini və ekoloji cəhətdən dost olan sənətkarlıq sahələrini dünya ictimaiyyətinə tanıtmaq, həmçinin Azərbaycan sənətinə olan marağın artmasına dəstək verməkdir. Qədim Şərq sənət nümunələri sərgiyə qatılan yerli və xarici izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.