Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” adlı bədii-sənədli filminin qala gecəsi təşkil edilib.
Uvertura.az Report-a istinadən xəbər verir ki, film Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnları ilə birgə ərsəyə gəlib. Həmçinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) filmin rəsmi tərəfdaşlarıdır.
Film, türk dünyasının orta əsrlərdə yaşamış iki əfsanəvi sərkərdə və tarixi şəxsiyyəti – Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz barədə hekayə təqdim edir.
Ekran əsərinin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri isə Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır.
Prodüserlər İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.
Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bu bədii-sənədli filmdə dünya şöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz, İlqar Mehti isə Qara Sunqur obrazını canlandırır.
Filmdə Xalq artisti Mehriban Zəki (Möminə Xatun), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və digər tanınmış sənətçilər də iştirak edirlər.
Filmdə 100-dən çox aktyor müxtəlif epizodları canlandırıb və ümumilikdə 500 nəfərdən çox insan filmin istehsalında iştirak edib.