Almaniyanın Detmold şəhərində yaşayan Azərbaycan əsilli bəstəkar, “Bridge of Sound” ansamblının və orkestrinin yaradıcısı və bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovanın “Solo fortepiano üçün uşaq pyesləri” adlı dərsliyi alman dilində nəşr olunub.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dərslik Frankfurtdakı “Lavrentius” musiqi nəşriyyatı tərəfindən çap edilib.
Dövlət Komitəsindən Uvertura.az-a bildirilib ki, milli musiqimizin Almaniyada təbliği məqsədilə nəşr edilmiş dərsliyə Azərbaycan bəstəkarlarının, o cümlədən Xədicə Zeynalovanın əsərləri daxil edilib.
Dərslik art-direktor Elşən İbrahimov, dizayner Maqsud İbrahimov və illüstrator Mərziyə Tağıyeva tərəfindən nəşrə hazırlanıb.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının məzunu olan Xədicə Zeynalova Azərbaycan Bəstəkarlar İttifaqının, Almaniyanın GEMA təşkilatının və “Qadınlar musiqidə” Beynəlxalq Alyansının üzvü, Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosentidir. Onun əsərləri Almaniya, İsveçrə, Avstriya, Azərbaycan, Böyük Britaniya, İtaliya, Kanada, Türkiyə, Oman, Fransa, Gürcüstan, Kipr, Macarıstan, ABŞ və digər ölkələrdə səsləndirilir. Bəstəkar yaradıcılıq və diaspor fəaliyyətinə görə Azərbaycan Respublikasının “Nizami” və “Diaspor fəaliyyətində xidmətə görə” medallarına layiq görülüb.