Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş yekun tədbir, Ü.Hacıbəyli adına Konsert salonunda keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, bu tədbir, il ərzində İttifaqda baş verən musiqili hadisələrin yekununu əks etdirən, həmçinin yeni not nəşrlərinin təqdimatına və təşkilati məsələlərə həsr olunmuşdu.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında bildirib ki, bu il ərzində İttifaqda 90 illik yubileyə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib. Gəncə və Şuşada səyyar plenumlar, Şəkidə keçirilən “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı, gənc bəstəkarların plenumları, xaricdə təşkil olunan yubiley konsertləri və Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda yeni əsərlərinin səsləndiyi musiqi festivalları diqqətəlayiq və uğurlu tədbirlərdən olub. Bu tədbirlər musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və müxtəlif mətbuat orqanlarında işıqlandırılmışdır.
Yubiley ili çərçivəsində, həmçinin tanınmış bəstəkarlar və musiqişünasların yaradıcılığına və musiqi elminin aktual məsələlərinə həsr olunmuş kitablar və broşürlər nəşr olunmuşdur.
Bu tədbirdə yeni bir layihə təqdim olunub ki, bu da silsilə nəşrlərin davamıdır. Azərbaycan bəstəkarlarının Şanlı Zəfərə həsr olunmuş yeni vokal-simfonik əsərlərinin partiturası ilk dəfə olaraq nəşr olunub. Bu əsərlər, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Şanlı Qələbəsindən ilham alaraq ərsəyə gəlib və ilk dəfə olaraq Qələbə gününə həsr olunmuş bayram konsertində Heydər Əliyev Sarayında səsləndirilib. Bu yeni nəşrlərin əsas məqsədi, əsərlərin ölkə daxilində və xaricdə təbliğidir.
“Şanlı Zəfərə həsr olunmuş Azərbaycan bəstəkarlarının xor və simfonik əsərləri” adlı silsilə, yüksək tərtibatla nəşr olunub. Silsiləyə 5 bəstəkarın əsəri daxil edilib: Firəngiz Əlizadənin “Zəfər marşı”, Cəlal Abbasovun “Şanlı Azərbaycan”, Sərdar Fərəcovun “Azad Şuşa”, Məmməd Cəfərovun “Nər oğlum” və Rəna Qədimovanın “Azərbaycanım” adlı əsərləri. Bu silsilə layihənin I cildini təşkil edir və ümumilikdə 18 əsərin not mətni dərc ediləcək. Layihənin bədii rəhbəri Firəngiz Əlizadədir.
Layihənin iştirakçısı olan hər bir bəstəkara kitabın bir nüsxəsi təqdim edilib.
Yubiley münasibətilə, “Azərbaycan Bəstəkarlar İttifaqı-90” yubiley medalı təsis olunub. Bu medal İttifaqın qocaman üzvlərinə verilmişdir. Xalq artisti Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, akademik Zemfira Səfərova, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, Əməkdar incəsənət xadimləri İmruz Əfəndiyeva və Həcər Babayeva yubiley medalı ilə təltif olunublar.