Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən ilk dəfə 2017-ci ildə buraxılan və bir müddət fəaliyyəti dayandırılan “Üç Çizgi” jurnalı, yanvar ayından etibarən yenilənmiş üzü və daha geniş elektron formatda təkrar nəşr olunmağa başlayıb.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, dərnəyin elmi heyəti tərəfindən hazırlanan jurnal, Azərbaycan Diasporasının fəaliyyətini dəstəkləmək məqsədilə nəşr olunur və ölkəmizi beynəlxalq aləmdə tanıtmaq üçün vacib bir vasitədir. Azərbaycan Bayrağı və milli atributlarımıza yer verilən jurnal, ölkəmizin mədəniyyəti, tarixi, ədəbiyyatı, iqtisadiyyatı və digər milli dəyərləri haqqında oxuculara geniş məlumat təqdim edir.
Jurnalın bu ilki ilk sayında “Tarix və diplomatiyanın kəsişməsində Azərbaycan-Ermənistan münasibətləri”, “Azərbaycanlı ziyalılar və Ziya Göyalp”, “İki dahi: Mehmet Akif Ərsoy və Hüseyn Cavid”, “Azərbaycan mədəniyyətinin qlobal töhfələri”, “Azərbaycan mətbəxi: Xəngəl”, “Qərbi Azərbaycan. Ana yurda qayıdış vaxtı”, “Süni intellektin təhlükələri”, “Nanotexnologiya və sensorlar”, “Rəqəmsal çağda musiqi sənayesinin təkamülü” kimi mövzular geniş şəkildə təhlil edilib.