Azərbaycan teatrının yaranmasının 152-ci ildönümünü qeyd etmək məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqı birgə təşkilatçılığı ilə martın 10-dan 17-dək “1-ci Uşaq Teatr Festivalı” keçiriləcək.
Uvertura.az xəbər verir ki, festival, uşaqlar üçün nəzərdə tutulmuş Azərbaycan xalq nağıllarını canlandırmaq və yeni nəslin mədəniyyətə marağını artırmaq məqsədilə təşkil olunur.
Festivalda 15 komanda tərəfindən təqdim ediləcək tamaşalar, xalq nağıllarına əsaslanaraq hazırlanacaq və 20-35 dəqiqə davam edəcək. Bu yanaşma, uşaqların milli irsimizə olan bağlılıqlarını gücləndirməklə yanaşı, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan verəcək.
Festivalın məqsədi, mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış etməklə onların öz istedadlarını nümayiş etdirmələri üçün şərait yaratmaqdır. Tədbir, həmçinin, Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəslin mədəniyyətə olan marağının artırılmasını hədəfləyir.
Layihənin ideya müəllifi Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev, layihənin rəhbəri Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin metodisti Dağlar Yusif Əfəndi, bədii rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, layihənin koordinatoru isə Azərbaycan İncəsənət Məktəbinin meneceri Rübabə Hüseynovadır.