Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlığı davam etdirir.
AKİ-dən Uvertura.az-a verilən məlumata görə ittifaq hər il olduğu kimi, bu il də festivala maliyyə və informasiya dəstəyi verəcək.
VII “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı sentyabrın 26-dan oktyabrın 1-dək keçiriləcək. Əsas mövzusu “KosmoDarvinizm: Dolça əsri” olan builki festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək və bəşəriyyətin dövrümüzün çağırışı olan rəqəmsallaşma, həyatın çılğın tempi, insana dəyər verənlərin, texnologiyaları cəlb etmədən insanların uğur qazanmaq cəhdlərinin öhdəsindən daha yaxşı gəlmək yollarına dair kinematoqrafik araşdırmalarla bölüşməkdir.
Bütün kinematoqrafçılar “Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film”, “Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)”, “DokuDarvin: Ən yaxşı yerli sənədli film” və “Əsas müsabiqəyə daxil olmayan filmlər” nominasiyaları üzrə yarışacaqlar.
Azərbaycan Kinematoqrafçılar İttifaqı artıq bir neçə ildir ki, “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalının rəsmi tərəfdaşıdır. İttifaq ənənəvi olaraq festival ilə əməkdaşlıq edir və bu ənənəni davam etdirmək niyyətindədir.
Qeyd edək ki, “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunub. Festivalın ideyası və təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov (festivalın direktoru), həmçinin çexiyalı rejissor və prodüser Veronika Yanatkovadır (proqram tərtibçisi).