“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində “Eko təşəbbüslər” günü təşkil edilib.
Uvertura.az xəbər verir ki, “Azərbaycan Könüllülük Həftəsi 2024” layihəsi çərçivəsində ölkə gənclərinin sosial məsuliyyətini artırmaq, ictimai həyatda iştirakçılıq və könüllülük mədəniyyətini inkişaf etdirmək, eləcə də ətraf mühitin qorunmasında həmrəyliyi gücləndirmək məqsədilə 12 istiqamətdə fəaliyyət davam etdirilir.
“Könüllülük Həftəsi” çərçivəsində keçirilən tədbirlərdən biri də könüllülər arasında ekoloji məsuliyyətliliyi artırmağa, ekoloji problemləri həll etməyə və cəmiyyətdə ekoloji maarifləndirməni yüksəltməyə yönələn “Eko təşəbbüslər” günüdür.
Bu gün ərzində könüllülər “Könüllülərdən Eco Challenge”, “Yaşıl fidanlar” ağacəkmə aksiyası, sahibsiz heyvanlara yardım və qayğı göstərmə məqsədilə “Könüllülərin sahibsiz heyvanlarla bir günü” adlı layihələri həyata keçiriblər.
Həmçinin, könüllülər tərəfindən küçə heyvanları üçün sığınacaqların hazırlanması üzrə eko-masterklass təşkil olunub. “Eko təşəbbüslər” günü çərçivəsində, Azərbaycan xalq tətbiqi sənətinin qiymətli nümunəsi olan xalçaçılıq sənətinin təbliği və gənclərin bu sahəyə marağını artırmaq məqsədilə “Bir ilmə, bir könüllü” adlı eko-masterklass keçirilib.
Bu tədbirin yekununda hər bir könüllü tərəfindən “Azərbaycan Könüllülük Həftəsi”ni simvolizə edən xalça toxunulub. Eko-masterklassın məqsədi könüllülük dəyərlərinin bədii ifadəsi olmaqla yanaşı, Azərbaycanın milli-mədəni irsinə olan böyük töhfəni nümayiş etdirməkdir.
Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil edilir.