Malayziyanın paytaxtı Kuala-Lumpurda təşkil olunan “Beynəlxalq Gün” adlı festivalda Azərbaycan da iştirak edib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanla birlikdə Braziliya, Malayziya, Sinqapur, İtaliya, Yaponiya, Norveç, Venesuela, Hindistan, Çin, Kanada, ABŞ, Portuqaliya, Yəmən, Cənubi Koreya, Misir, Mərakeş, Tailand, Kolumbiya, Vyetnam və İndoneziyanı təmsil edən nümayəndələr də yer alıblar.
Bu məktəbdə təhsil alan azərbaycanlı uşaqların valideynləri – Nərminə Cabbarova və Aygün Bapnanın təşəbbüsü ilə qurulan Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəni irsi, adət-ənənələri və milli mətbəxi nümayiş etdirilib. Burada suvenirlər, kəlağayılar, müxtəlif yeməklər və məhsullar sərgilənib.
Guşəyə baş çəkən qonaqlara Azərbaycan haqqında geniş məlumatlar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb. Ziyarətçilər həmçinin milli yeməklərlə qonaq edilib.
Qeyd edək ki, diaspor təşkilatlarının bu kimi tədbirlərdə aktiv iştirakı Azərbaycanın mədəniyyətinin xarici ölkələrdə tanıdılması baxımından xüsusi rol oynayır. Bu cür festivallar, həmçinin, ölkəmizin beynəlxalq miqyasda daha geniş tanınmasına, dostluq əlaqələrinin inkişafına və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlayışın formalaşmasına şərait yaradır.