Mədəniyyət

Azərbaycan Milli Xalça Muzeyində “Gələcəkdə nə geyinəcəyik?” sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Gələcəkdə nə geyinəcəyik?” adlı sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində Mərkəzi Avropa Mədəniyyət Platformasının təşəbbüsü ilə “Gələcəkdə nə geyinəcəyik?” adlı sərgi öz qapılarını ziyarətçilərin üzünə açıb. Platformaya hazırda Macarıstan sədrlik edir.

Uvertura.az xəbər verir ki, sərgidə Mərkəzi Avropa ölkələri – Avstriya, Çexiya, Macarıstan, Slovakiya, eləcə də Azərbaycanın istedadlı dizayner və modelyerlərinin əl işləri təqdim olunur.

Moda və dizayn sahəsində təhsil alan 28 tələbə bu birgə layihə çərçivəsində müxtəlif texnikalardan yararlanaraq, təkrar emaldan keçmiş təbii materiallardan hazırlanmış orijinal geyim nümunələrini nümayiş etdirirlər. Gənc dizaynerlər öz işləri vasitəsilə tullantıların yenidən dəyər qazandığını, biomaterial və tekstilin çevrilmə potensialını vurğulayırlar. Eyni zamanda, müasir dizaynın əsas elementləri olan yaradıcılıq, daxili hisslərə güvən, müstəqil və tənqidi düşüncə ön plana çəkilir. Onlar, həmçinin, moda sənayesinin ekoloji təsirini azaltmağın mümkün yollarına işarə edirlər.

Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma çıxış edərək qonaqlara təşəkkürünü bildirib. O, bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Xalça Muzeyinin direktoru Əminə Məlikovaya minnətdarlığını ifadə edib.

Səfir, həmçinin, Mərkəzi Avropa Mədəniyyət Platformasının missiyası barədə danışaraq bildirmişdir ki, bu təşəbbüs Avstriya, Çexiya, Slovakiya və Macarıstan tərəfindən mədəni əlaqələrin gücləndirilməsi məqsədilə yaradılıb.

“Platformamızın əsas məqsədi – mədəniyyət qurumları, səfirliklər və bu sahədə fəaliyyət göstərən digər təşkilatlar arasında əməkdaşlıq və ortaq layihələr üçün şərait yaratmaqdır,” – deyə Tamaş Torma qeyd edib.

O, əlavə edib ki, bu kimi layihələr gənc yaradıcıların tanınmasına və ölkələr arasında qarşılıqlı anlayışın dərinləşməsinə töhfə verir: “Sözügedən platforma yalnız təcrübə mübadiləsinə yox, həm də cəmiyyətin ölkələrimizin mədəni irsi ilə daha yaxından tanış olmasına xidmət edir.”

Davamlılıq və modanın vəhdətini araşdıran bu fərqli yanaşmalı layihə Macarıstanın Azərbaycandakı Səfirliyi, Mərkəzi Avropa Mədəniyyət Platforması və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşır.

Tədbirdə qonaq olaraq Milli Məclisin deputatları Səməd Seyidov və Elman Nəsirov da iştirak ediblər.

Sərgi 13 aprel tarixədək davam edəcək.

You may also like