Mayın 22-nən 24-dək Daş Salnamə Muzeyində Azərbaycan Moda Həftəsinin 14-cü mövsümü keçiriləcək. Həmişə olduğu kimi bu dəfə də moda dünyasının ən parlaq yerli və xarici adları ictimaiyyətə təqdim olunacaq.
Uvertüra.az xəbər verir ki, 14-cü mövsümün əsas mövzusu – Modanın təkcə yüksək sənət deyil, həm də gəlirli bir iş olduqunu göstərməkdi.
Bu gün moda sənayesi müasir iqtisadiyyatın ən dinamik və perspektivli sahələrindən biridir. Məsələn, təkcə İtaliyanın 620.000-dən çox işçisi olan moda sənayesi ildə təxminən 80 milyard, eyni zamanda 1,8 milyondan çox iş yeri olan ABŞ moda sənayesi onların iqtisadiyyatına ildə təxminən 370 milyard dollar gəlir gətirir. Bundan əlavə, materialların, geyimlərin, ayaqqabıların və aksesuarların istehsalı – moda sənayesimdə innovasiya və texnoloji inkişafın artmasına böyük təkan verir.
Bəs Azərbaycanda moda sənayesi nə dərəcədə gəlirlidir? Azərbaycan moda sənayesi ilə bağlı bu və digər sualların cavabı 23 və 24 may tarixlərində 16:00-da Daş Salnamə Muzeyində müzakirə olunacaq. Bu mövzu ilə maraqlanan, həmçinin öz dəyərli fikirləri ilə bölüşmək istəyən hər kəsi, moda mütəxəssislərinin, alıcıların, eləcə də təcrübəli yerli və xarici kutüryelərin öz uğurlarının sirləri ilə bölüşəcəkləri müzakirələrə qoşulmağa dəvət edirik.
14-cü mövsüm çərçivəsində gənc dizaynerlər arasında müsabiqə keçiriləcəyi də gözlənilir. Nümayişlər isə əsas mövzu üzərində qurularaq böyük bir marağa səbəb salacaq.
Təşkilatçılardan qeyd edilib ki, əminliklə söyləyə bilərik ki, 14-cü mövsüm tam fərqli və unudulmaz anlar ilə zəngin olacaq!