Sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev: dostluq və həmkarlıq” mövzusunda elmi konfrans keçirildi.
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşən konfransda iki böyük bəstəkar, sirdaş və sənət yoldaşı Üzeyir Hacıbəyli (1885-1948) və Müslüm Maqomayevin (1885-1937) yaradıcılıqlarından söz açıldı.
Tədbirdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə və musiqişünaslar iştirak edirdilər.
Xalq artisti Firəngiz Əlizadə çıxış edərək konfransın aktual bir mövzuya – iki görkəmli musiqi xadiminin dostluğuna həsr olunduğunu bildirdi. Dedi ki, 18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu konfrans da festival çərçivəsində reallaşır: “Bəstəkarlar İttifaqının festival günlərində daha bir tədbiri nəzərdə tutulur. Sentyabrın 22-də ittifaqın Ü.Hacıbəyli adına konsert salonunda kamera musiqisi konserti keçiriləcək. Hamınızı bu konsertə dəvət edirəm”.
Daha sonra məruzələr dinlənildi. Dosent Leyla Zöhrabova “Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin birgə fəaliyyəti”, professor Aytac Rəhimova “Xalq musiqimizin bərabər temperasiya sisteminə keçməsində Üzeyir Hacıbəylinin rolu”, professor Fəttah Xalıqzadə “Azərbaycan musiqişünaslıq elminə Üzeyir Hacıbəyli və Müslüm Maqomayev töhfələri”, dosent Həbibə Məmmədova “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin operalarında qəhrəmanlıq mövzusu”, dosent Rauf Bəhmənli “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin yaradıcılığında xalq rəqslərimizin tədqiqi və istifadəsi məsələləri” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev dostluğu məktubların izi ilə” mövzularında məruzə etdilər.