Mədəniyyət

Azərbaycanda “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” keçiriləcək

Mayın 2–3-də Mədəniyyət Nazirliyinin dəstəyi və “Endorphin” reklam agentliyinin təşkilatçılığı ilə Bakıda reklam, marketinq, brendinq və dizayn sahəsində fəaliyyət göstərən yaradıcı şəxsləri bir araya gətirəcək “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” təşkil olunacaq.

Uvertura.az xəbər verir ki, festivalın əsas məqsədi yaradıcı şəxsləri bir platformada birləşdirmək, istedadları tanıtmaq və onların beynəlxalq arenada tanınmasına şərait yaratmaqdır.

Tədbir çərçivəsində panel müzakirələri və interaktiv sessiyalar, tanınmış beynəlxalq spikerlərin çıxışları, ustad dərsləri və seminarlar, həmçinin “Baku Flames Mükafatlandırma Mərasimi” təşkil olunacaq. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılan “Yaradıcı Market” layihəsi də festival çərçivəsində ziyarətçilərə təqdim ediləcək.

Bu il ilk dəfə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions Azerbaijan” yaradıcılıq müsabiqəsi də “Baku Flames” festivalı çərçivəsində baş tutacaq. Növbəti “Young Lions” müsabiqəsində komandalar “Film”, “Dizayn” və “Print” kateqoriyaları üzrə təqdim olunmuş xülasələr əsasında mübarizə aparacaqlar.

“Print” kateqoriyası üzrə xülasə Pasha Malls, “Film” kateqoriyası üzrə Mədəniyyət Nazirliyinin “Yaradıcı Mərkəz” layihəsi, “Dizayn” kateqoriyası üzrə isə Code Academy tərəfindən təqdim olunub. Yarışmaya təqdim olunan işlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib komandalar iyunun 16-dan 20-dək Fransanın Kann şəhərində keçiriləcək dünyaca məşhur “Cannes Lions” festivalında iştirak hüququ qazanacaqlar.

Təxminən 1500 iştirakçının qatılacağı “Baku Flames” festivalı yaradıcı şəxslər, agentliklər və gənc istedadlar üçün ideya və təcrübə mübadiləsi baxımından əhəmiyyətli platforma rolunu oynayacaq.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq reallaşdırılır.

Əlavə məlumat üçün www.bakuflames.az saytına daxil olmaq mümkündür.

You may also like