148 il öncə bu gün, daha dəqiq 1875-ci ilin iyulun 22-də görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə milli mətbuatın yaranmasının başlanğıcı qoyulub.
Uvertura.az xəbər verir ki, ana dilində çap edilən “Əkinçi”nin cəmi 2 il ərzində ilk dəfə 300-400 tirajla 56 nömrəsi işıq üzü görüb.
“Əkinçi” qəzetində Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə kimi dövrün görkəmli alim və ziyalılarının məqalələri dərc edilib. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirib.
Müasir qloballaşma dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir. 148 ildir ki, bu keşməkeşli yol ənənəvi media ilə yanaşı, onlayn media resurslarının da yaranması ilə uğurla davam edir. Qələm əhlinin sıralarına itirdiklərimiz ilə yanaşı, öyrənməyə, mətbuatda iz qoymağa həvəsli gənclər də daxil olur.
Həmkarlarımızı bu özəl gün münasibətilə təbrik edirik!