Aprelin 11-də Roma şəhərində yerləşən tarixi Palazzo Brancaccio sarayında “Azərbaycan Milli Geyimlərinin Sehrli Dünyası” adlı mədəni tədbir keçirilib.
Uvertura.az xəbər verir ki, tədbir Azərbaycanın İtaliyadakı Səfirliyi, İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Bakı Milli Geyim Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi Azərbaycan milli geyim irsinin zənginliyini beynəlxalq ictimaiyyətə təqdim etmək, mədəni dəyərlərin təbliği və Azərbaycan–İtaliya mədəni əlaqələrinin inkişafına töhfə vermək olub.
Tədbirin açılış hissəsində çıxış edən təşkilatçılar Azərbaycan milli geyimlərinin tarixi kökləri, regional xüsusiyyətləri və bədii-estetik çalarları haqqında məlumat veriblər. Bildirilib ki, milli geyimlər xalqımızın həyat tərzini, zövqünü və sosial kimliyini əks etdirən mühüm mədəni yaddaş nümunələridir.