Ölkəmizin mədəniyyətinin xarici ölkələrdə tanıdılması məqsədilə Azərbaycanın Belçika Krallığındakı səfirliyi mədəni diplomatiya fəaliyyəti vasitəsilə müxtəlif tədbirlər keçirməyə davam edir.
Bu dəfə Brüsselin “Wolubilis” Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” qrupunun və Əməkdar artist Emil Əfrasiyabın “Təəssürat” adlı konserti təşkil edilib. Konsertdə virtuoz musiqiçilərimizin ifasında Azərbaycanın rəqs havaları, xalq və bəstəkar mahnıları, dünya bəstəkarlarının tanınmış əsərləri etno-caz üslubunda ifa olunub.
Konsertdə iştirak etmiş diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın dövlət qurumlarının, mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və digərləri tərəfindən musiqiçilərimizin ifası böyük maraqla və alqışlarla qarşılandı. Yerli KİV-lər Ənvər Sadıqov və Emil Əfrasiyabdan müsahibə aldılar.