İtaliyanın “Opera 2001” təşkilatı İspaniya və Fransanın bir sıra şəhərlərində Cüzeppe Verdinin “İl Trovatore” (“Trubadur”) operasını səhnələşdirir. Bu operada soydaşımız Çinarə Şirin, mezzo-soprano səsli qaraçı Azuçena rolunu canlandırır və martın 2-dək tamaşalar davam edəcək.
Uvertura.az xəbər verir ki, İtaliyada yaşayan opera sənətçisi Çinarə Şirin, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən bir sıra layihələrdə iştirak edir. Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü olan və Almaniyada fəaliyyət göstərən pianoçu Səbinə Məmmədovanın təşkilatçılığı ilə 2024-cü ilin martında Milanda keçirilən “Musiqi sərhəd tanımır” adlı konsert də bu layihələrdən biri olub.