Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti, AMEA-nın müxbir üzvü, professor, İttifaqın sədri Firəngiz Əlizadə bu faciənin Azərbaycan xalqının hər bir üzvünün həyatında silinməz izlər qoyduğunu vurğulayıb.
“Bu il Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq, o gecənin acıları hələ də bizlədir. Sovet imperiyasının və hərbi maşınının qurbanı olan yüzlərlə günahsız insanın ölümü heç vaxt yaddaşımızdan silinməyəcək. Eyni zamanda, bu hadisələr bizim müstəqillik uğrunda mübarizə aparan xalqımızın şərəfli və qəhrəmanlıqla dolu səhifəsidir. Bu faciəyə ehtiramla yanaşmaq hər bir sənətkarın, yaradıcı şəxsin mənəvi borcudur. Bu illər ərzində bəstəkarlarımız o günlərin kədərini və qəhrəmanlığını öz əsərlərində əks etdirmişlər. Bu əsərlər ənənəvi olaraq Bəstəkarlar İttifaqının 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlərində yer alır. Bu il isə, həmin ənənənin bir hissəsi olaraq, sənədli film təqdim edilib”, – deyə F.Əlizadə bildirib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə və Xalq yazıçısı Elmira Axundova 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda əhəmiyyətini qeyd edərək, xalqımızın bu faciəsini azadlıq uğrunda mübarizənin qəhrəmanlıq nümunəsi kimi dəyərləndiriblər.
Tanınmış rejissor və Əməkdar incəsənət xadimi Cahangir Zeynallı Qanlı Yanvar hadisələrini və həmin dövrün çətinliklərini xatırlayaraq, o zaman çəkdiyi videomateriallarla bağlı yaşadığı təhlükələri və şahidi olduğu hadisələri detalı ilə izah edib.
Sonda, Cahangir Zeynallının “20 Yanvar” adlı sənədli filmi nümayiş olunub. Film rejissorun həmin dövrdə çəkdiyi videomateriallara, tarixi faktlara və müəllif araşdırmalarına əsaslanaraq hazırlanıb.
Film tamaşaçılarda dərin emosional təsir yaradıb.