Yaponiya Səfirliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə 7 saylı ASAN Xidmət Mərkəzində Yapon sənətçisi Takahaşi Maminin təqdimatında ənənəvi yapon incəsənət növləri olan “Kintsugi” və “Mokuhanqa” sənətləri nümayiş olunur.
Uvertura.az xəbər verir ki, tədbir iştirakçıları sırasında Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi, Azərbaycan Respublikasının Prezidenti yanındakı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev də yer alır.
V.Cüniçi “Report”a bildirib ki, iki hissədən ibarət olan tədbirdə ilk olaraq “Kintsugi” sənəti, daha sonra isə “Mokuhanqa” sənəti üzrə nümayişlər nəzərdə tutulub:
“Bu iki incəsənət növü Yaponiyada yayılan ən qədim incəsənət növlərindəndir, illər boyu onlar qorunub saxlanıb və bu gün də qorunmaqda davam edir. Çox gözəldir ki, biz bu ənənəni Azərbaycanda təqdim etmək şansınız sahibik. Ötən il Azərbaycanla diplomatik əlaqələrin 30 illiyini keçirmişik və bu çərçivədə bir çox tədbirlər həyata keçirmişik. Ümid edirik ki, bu tip tədbirlər davamlı olacaq”.