Mədəniyyət

Bakıda avstraliyalı bəstəkar Con Varneylə musiqili görüş keçirilib

Avstraliyalı musiqiçi Con Varneylə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində musiqili görüş keçirilib

Aprelin 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində avstraliyalı kontrabas ifaçısı, bəstəkar və musiqi pedaqoqu Con Varneylə “Daxili dənizləri sərhəd olan ölkələrdən musiqi” adlı musiqili görüş baş tutub.

Uvertura.az xəbər verir ki, tədbirdə Con Varney öz yaradıcılığı, musiqi yolu və sənətə yanaşması barədə iştirakçılarla fikirlərini bölüşüb. O, görüş zamanı Azərbaycan Milli Konservatoriyasının əməkdaşı, beynəlxalq müsabiqələrin qalibi pianoçu Nərmin İsgəndərova ilə birgə müxtəlif musiqi əsərləri səsləndirib.

Uzun müddətdir Bakıda yaşayan musiqiçi Azərbaycanın musiqi mədəniyyətinə olan heyranlığını ifadə edərək, Tofiq Quliyevin “Görüş” filmində səslənən “Arzular” mahnısını kontrabasda ifa edib.

Görüşdə, həmçinin Tofiq Quliyevin “Qaytağı”, Tofiq Bakıxanovun “Eleqiya”, Revaz Laqidzenin “Çiçəyin naxışını xatırlayıram” və Covanni Bottezinin “Eleqiya və Tarantella” əsərləri dinləyicilərə təqdim olunub. Bu musiqi parçaları peşəkar müşayiət ilə səsləndirilib.

Qeyd etmək lazımdır ki, Con Varney uzun illərini kontrabas sənətinə həsr edib. Melburn və Sidney şəhərlərində musiqi təhsili alan ifaçı, daha sonra nüfuzlu orkestr qruplarında çıxış edib. Onun sənət yolunda dönüş nöqtələrindən biri isə tanınmış kontrabas ustası və müəllim Franko Petrakçidən ustad dərsləri alması olub.

İfaçılıq fəaliyyətindən başqa, Varney həm Avstraliyada, həm də Cənubi Amerika ölkələrində pedoqoji sahədə çalışıb. O, dünya musiqi nümunələri ilə yanaşı, Azərbaycanın bəstəkarlarının əsərlərini də kontrabas üçün uyğunlaşdıraraq fərdi tərzdə ifa edir.

You may also like