Daş Salnamə Muzeyində “AFWEU”nun təşkilatçılığı ilə Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsinin açılış mərasimi baş tutub.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirin əsas simalarından biri milli direktor, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır.
Baş prodüser və “AFWEU Fashion Week”in təsisiçi olan türkiyəli dizayner Aydın Açık da tədbirin qurucuları arasında yer alır. “AFWEU” Asiya, Afrika, Amerika və Avropa qitələrindən nümayəndələrə ev sahibliyi edir və əsas məqsədi universal moda ilə mədəniyyət dilini yayaraq, yeni istedadları kəşf etmək və onların beynəlxalq arenada tanınmasına dəstək verməkdir. Bu layihə artıq bir çox ölkədə həyata keçirilmiş, bu il isə ilk dəfə Azərbaycanda təşkil olunub.
Açılış mərasiminin başlanğıcında “Cizgi by Gulnara Khalilova” defilesi təqdim edilib. Ardınca isə Qazaxıstandan “Banu Gaidar”, Rusiyadan “Cellesterra”, Türkiyədən “Gözde İşbilir” kolleksiyaları və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunlarından ibarət ADRA-nın gənc dizaynerlərinin təqdimatları keçirilib.
Tədbirin aparıcılığını Əməkdar mədəniyyət işçisi Leyla Quliyeva, stilist-vizajist rolunu isə Səbinə İmanova ifa edib.