“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-30 noyabr tarixlərində Bakıda Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək.
Uvertura.az xəbər verir ki, forum ekosistem oyunçuları arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə təşkil olunacaq.
Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərlərinin və kreativ sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar və dəyirmi masalar təşkil ediləcək.
Heydər Əliyev Mərkəzində forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.
29-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar keçiriləcək.
Qeydiyyat forması week.creative.az saytında yerləşdiriləcək.