Bakıda, metronun “Gənclik” stansiyasının yaxınlığında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı edilən yeni istirahət parkında Novruz şənliyi keçirilib.
Uvertura.az xəbər verir ki, tədbir park rəhbərliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin nümayiş olunduğu çadırlar qurulub, gənc rəssamların əsərləri sərgilənib.
Şənlikdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələr, Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar və çalğıçılar iştirak ediblər.
Mərkəzi səhnədə populyar incəsənət xadimləri və rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini nümayiş etdirib, idman meydançasında zorxana, güləş və gimnastika üzrə nümunəvi çıxışlar təqdim olunub.
Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava və çay təqdim edilib. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs edərək tədbiri daha da rəngarəng edib.