Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş və məşhur isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Naxçıvanda çəkdiyi “Nuhun izi ilə” sənədli filminin təqdimatı keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirə başlanmazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Xalq artisti Gülyanaq Məmmədova “Naxçıvan şikəstəsi”ni ifa edib.
Filmin yaranma prosesi ilə bağlı məlumat verən UNESCO-nun Azərbaycan Respublikasındakı nümayəndəsi Mustafa Şabanov bu əsərin Azərbaycan mədəniyyəti və tarixi üçün əhəmiyyətini qeyd edib.
Rejissor Mikael Silkeberq çıxış edərək, dünya tarixinin və onun öyrənilməsinin vacibliyini, həmçinin Naxçıvanın qədim tarixinin dünya tarixindəki xüsusi yerini vurğulayıb. O, bildirib ki, Naxçıvanın dünya tarixindəki yeri çox əhəmiyyətlidir.
“Bu filmin ərsəyə gəlməsi mənim üçün çox vacib idi və buna görə də UNESCO-ya və Azərbaycan rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”, – deyə rejissor əlavə edib.
Daha sonra film nümayiş olunub.
Tədbirdə həm yerli, həm də xarici qonaqlar, o cümlədən Azərbaycanın elm və mədəniyyət xadimləri iştirak ediblər.