Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 16 ünvanında yerləşən tarixi binaya (abidə) müdaxilə faktı aşkarlanmışdır.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman tarixi tikilinin (abidənin) sütunlarının boya ilə rəngləndiyi müəyyən edilib.
Dövlət Xidmətindən Uvertüra.az-a bildirilib ki, faktla bağlı qanunamüvafiq tədbirlər görülməkdədir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.
“İstifadəsində və ya mülkiyyətində tarixi tikililər (abidələr) olan vətəndaşlarımızı tarixi tikililərimizin (abidələrimizin), eləcə də şəhərimizin bədii estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırır, bərpa işləri aparmaq istəyən şəxslərdən qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edirik”, – deyə Dövlət Xidmətindən bildirilib.