31 may – 3 iyun tarixlərində Bakıda və Şuşada “Rəqəmsal yaradıcı həftə” (Digital Creative Weekend) layihəsi həyata keçirilir.
Layihə çərçivəsində iynunun 1-də Bakı Kristal Zalında Mədəniyyət Nazirliyinin dəstəyi ilə genişmiqyaslı oyun festivalı – “Gamesummit – 2024” festivalının açılış mərasimi olub.
Uvertura.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək iştirakçıları salamlayıb. Diqqətə çatdırıb ki, Azərbaycan rəngarəng incəsənəti və yenilikçi ruhu ilə tanınır: “Muğam musiqisinin qədim melodiyalarından Bakı şəhərinin heyranedici memarlığına qədər Azərbaycanın mədəni mozaikası həm qədim, həm də müxtəlifdir. Ölkəmizin inkişafında yaradıcılıq və innovasiyanın əhəmiyyətli rolu var. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu barədə demişdir: “Azərbaycanın gələcəyi zəngin mədəni irsimizi qoruyaraq yenilik etmək və qlobal texnoloji landşafta inteqrasiya etmək bacarığındadır”. Bu konsepsiya “Gamesummit”in mahiyyətini mükəmməl şəkildə əks etdirir, burada ənənə və yenilik bir araya gəlir. Festival rəqəmsal incəsənət və əyləncəyə həvəsli olanlar üçün yaradıcılıq, innovasiya və texnologiyanın sonsuz imkanlarının təntənəsidir. İstedadların yetişdirilməsi və rəqəmsal sənətlərin təşviqi üçün təşəbbüslər dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Bütün bu fəaliyyətlər 2022–2026-cı illər üçün Sosial-iqtisadi İnkişaf Strategiyasına uyğun olaraq həyata keçirilir ki, bu da yaradıcı sənayelərin inkişafını təşviq edir və bu sahədə yeni yaradıcı bizneslərin yaranmasına kömək edir”.