Bu payız Bakıda ilk dəfə möhtəşəm bir mədəniyyət hadisəsi baş tutacaq – Baku International Arts Festival (BIAF). 31 oktyabr – 16 noyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı müasir rəqs, teatr və ölməz klassikanı özündə birləşdirən beynəlxalq səhnə mərkəzinə çevriləcək.
Festival zamanı üç həftəsonunda qonaqları 10-dan artıq unikal tədbir gözləyir. Bu tədbirlərdə Azərbaycan, Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Çin, ABŞ, Fransa və Özbəkistandan 100-dən çox sənətçi iştirak edəcək.
Bakının ən nüfuzlu səhnələrində tanınmış rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onların arasında Robert Lepaj, Şaron Eyal, Yan Lipin, Giyom Kotey, Rimas Tuminas, “Gesher” teatrı, Daniele Finzi Pasca və başqaları yer alır.
Uvertura.az xəbər verir ki, Festivalın əsas məkanları: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı olacaq.
