Fevralın 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir nəfəs qədər” tamaşası yenidən səhnəyə qoyulacaq.
Uvertura.az xəbər verir ki, Zəfər salnaməsinə həsr olunan bu səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Samir Qulamovdur.
Tamaşa SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanıb və gənc pianoçu Kamil Həsənovun ifasında fortepiano musiqisi ilə zənginləşdirilib.
İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri isə Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Əməkdar artist Nahidə Orucova, Prezident mükafatçıları Səmədzadə Xasiyev və Hüseyn Əlili, eləcə də aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev və balet artisti İranə Kərimova çıxış edəcəklər.