Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
(Bəxtiyar Vahabzadə)
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Bayraq bizim ən dəyərli atributlarımızdandır. 100 ildən artıq tarixi olan bayrağımız millətçiliyimizdə, mənəviyyatımızda mühüm rol oynayır.
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun gücü və xalqımızın bayrağımıza olan sevgisi bu gün əldə olunan qələbələrdə mühüm rol oynayır. Bunun nəticəsidir ki, bu gün üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda zirvələrə yüksəldilir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin il 9 noyabr tarixində bayraq ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1920-ci il aprelin 28-də cümhuriyyətin süqut etməsi və Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilib. Üçrəngli bayrağımız ikinci dəfə 70 il sonra 1990-cı il noyabrın 17-də Ulu Öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılıb. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalayıb. Həmin sənədə əsasən ölkəmizdə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir.
Ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır.
Bu gün artıq qürur mənbəyimiz olan bayrağımız işğaldan azad edilmiş Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda və bütün Qafqazın incisi, qədim mədəniyyət mərkəzi, Qarabağın mirvarisi olan Şuşa şəhərində qürurla, vüqarla dalğalanır.
Bayraq Günümüz Mübarək!