Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın doğum günüdür.
Uvertura.az xəbər verir ki, şairin 119-cu ildönümü tamam olur.
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Cənubi Azərbaycanda, Təbriz şəhərində doğulub boya-başa çatmışdır. İranda Azərbaycan dilində təhsil verən məktəb olmadığı üçün orada yaşayan bütün soydaşlarımız kimi, Şəhriyar da təhsilini fars dilində almışdı. Şəhriyar çox istedadlı gənc idi. Ədəbiyyatı çox sevirdi. Gənc yaşlarından fars dilində gözəl şeirlər yazırdı.
Bir gün anası Şəhriyara deyir: «Oğlum, analar dilsiz uşaqlarını belə, dilindən anlayırlar. Sən şeirlərini hansı dildə yazırsan ki, mən onlardan bir şey anlamıram?» Doğma anasının bu sözləri şairə təsir etdi, o sanki yuxudan ayıldı. Çox keçmədi ki, Şəhriyar özünün dillər əzbəri olan «Heydərbabaya salam» əsərini yazdı. Şair deyirdi ki, «Heydərbabaya salam» əsərini yazana qədər elə bil ürəyimdə bir tikan ilişib qalmışdı. Nədən yazsam da, necə yazsam da, ürəyimdən bu tikan çıxmırdı ki, çıxmırdı.
«Heydərbabaya salam» əsəri ustad şairin yaradıcılığında bir dönüş nöqtəsi oldu. Heydərbaba dağ adıdır. Şəhriyarın uşaqlığı Heydərbaba dağının ətəklərində — ata-baba yurdunda keçmişdi.
«Heydərbabaya salam» poeması Şəhriyara böyük şöhrət gətirdi. Bu əsər, eyni zamanda Cənubi Azərbaycanda anadilli ədəbiyyatın, xüsusilə şeirin inkişafına geniş yol açdı.
«Heydərbabaya salam» əsəri dünyanın əksər dillərinə tərcümə olunmuşdur. O, dünya şeir sənətinin zirvəsinə ucalmışdır. Cənubi Azərbaycanda hələ dahi şairin sağlığında 7 mart «Şəhriyar günü» elan olunmuşdu. Təbriz məktəblərindən birinə, Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin böyük salonuna şairin adı verilmişdir. Paytaxtımızın mərkəzi küçələrindən biri şairin adını daşıyır. Lakin Şəhriyarın ən əzəmətli abidəsi doğma xalqının qəlbində ucalmışdır.