Mədəniyyət

Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür

Mayın 30-u Azərbaycan şairi, satirik, mütəfəkkir, ictimai xadim Mirzə Ələkbər Sabirin doğum günüdür.

Uvertura.az xatırladır ki, Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci ildə Şamaxıda anadan olub. Atası kiçik sahibkar olub və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoyub.

O, Sabir təxəllüsü ilə tanınıb.

Mirzə Ələkbər Sabir ilk təhsilini mollaxanada alıb. O, 12 yaşından təhsilini şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirib.

XX əsrin əvvəllərindən Sabirin şeirləri “Şərq-i Rus” qəzetində, “Həyat” qəzetində, “Molla Nəsrəddin” jurnalında çap olunub. Şairin əsərləri yеrli mətbuatla yanaşı, Tiflis, Pеtеrburq, Həştərxan, Səmərqənd, İstanbul şəhərlərində və başqa yеrlərdə çıxan qəzеt, jurnal və məcmuələrdə dərc оlunub.

Şair “Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən biri olub. Ona çox sayda hədə-qorxu gəlirdilər. Bu səbəbdən şair “Molla Nəsrəddin” jurnalında 36 gizli imza ilə çıxış edib. Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqəlidir. Mirzə Ələkbər Sabirin məşhur şeirləri sırasında “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin”, “Uşaq və buz”, “Yalançı çoban”ı qeyd etmək olar.

Mirzə Ələkbər Sabir 11 aprel 1908-ci ildə Bakı quberniya ruhani idarəsində imtahan verib. O, 7 may 1908-ci ildə Tiflisə gedib, Qafqaz Şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alıb. Bir müddət sonra şair Şamaxı məktəblərindən birində köməkçi müəllim kimi dərs deyib.

1908-ci ilin sentyabr ayında onun təşəbbüsü ilə “Ümid” məktəbi yaradılıb. Həmin vaxt bu məktəbdə 60-a qədər şagird oxuyurdu. 1910-cu ilin əvvəllərində Sabir Bakıya gələrək “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəliyi səbəbindən Şamaxıya qayıdır.

Mirzə Ələkbər Sabir 12 iyul 1911-ci ildə xəstəlikdən vəfat edib və Şamaxıdakı “Yeddi günbəz” qəbiristanlığında dəfn olunub.

You may also like