Mədəniyyət

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 111 il ötür

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin doğum günüdür

Uvertura.az xəbər verir ki, bu gün Azərbaycan teatr sənətinin görkəmli simalarından biri, Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasının 111 illiyi qeyd olunur. O, yaratdığı unudulmaz səhnə obrazları ilə milli teatr tarixində silinməz iz qoyub.

Məmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü il aprelin 25-də Şəki şəhərində dünyaya gəlib. Onun aktyor karyerası 1932-ci ildə Sabit Rəhmanın dəvəti ilə Şəki Dövlət Dram Teatrında başlayıb və 1935-ci ilə qədər burada çalışıb. Ardınca uzun illər – 1994-cü ildəki vəfatınadək – Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

1967–1968-ci illərdə Moskva Dövlət İncəsənət Universitetində teatr aktyoru və rejissoru ixtisası üzrə təhsil alaraq sənətini daha da zənginləşdirib.

Məmməd Bürcəliyev həm də dramaturq kimi tanınıb. Onun 1948-ci ildə yazdığı “Yadigar” pyesi həmin il Gəncə Dövlət Dram Teatrında səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev, musiqi tərtibatçısı isə Şəmsəddin Fətullayev olub. Pyes SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında üçüncü yerə layiq görülüb. O, həmçinin 75-dən çox məqalə, resenziya və oçerkin müəllifidir.

Bürcəliyev Gəncə səhnəsində 300-dən artıq obraz yaradaraq, Azərbaycan teatrının inkişafına mühüm töhfələr verib. Onun ifasında “Od gəlini”ndə Altunbay, “Aydın”da Səlim, “Otello”da Radriqo, “Vaqif”də İbrahim xan və digər obrazlar tamaşaçıların yaddaşında qalmaqdadır. O, eyni zamanda 11 pyesə rejissor kimi səhnə həyatı bəxş edib.

1944–1945-ci illərdə bəstəkar Fikrət Əmirovla birlikdə Gəncə Dövlət Filarmoniyasının yaradılmasında iştirak edib və ilk direktoru olub. Sənətkar 1955-ci ildə “Əməkdar artist”, 1958-ci ildə isə “Xalq artisti” fəxri adları ilə təltif olunub.

Məmməd Bürcəliyev 1994-cü il noyabrın 25-də Gəncə şəhərində dünyasını dəyişib. Onun həyat və yaradıcılığına dair çoxsaylı yazılar dərc olunub. 1998-ci ildə isə Anar Bürcəliyevin müəllifliyi ilə “Əsl el adamı” adlı monoqrafiya “Günəş” nəşriyyatında işıq üzü görüb

You may also like